Fəxri məzunlarımız

Bilal İsmayılov

Bilal Bayram oğlu İsmayılov 1940-cı ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. 1947-ci ildə İkinci Şıxlı kənd orta məktəbinin birinci sinfinə daxil olub və 1957-ci ildə həmin məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər institutuna qəbul olub. 1962-ci ildə həmin institutun Avropa dilləri fakültəsinin fransız dili və Azərbaycan dili bölməsini bitirib. Ali təhsilini başa vurduqdan sonra Goranboy rayonunda müəllim kimi çalışıb.

B.İsmayılov institutda təhsil aldığı dövrdə elmi işə maraq göstərib və tələbə elmi dərnəklərində iştirak edib. Orta məktəbdə müəllimlik etdiyi dövrdə də onun elmə olan marağı sönməyib. Həmin dövrdə B.İsmayılov o vaxt ilk dəfə nəşr edilən X sinif üçün “Fransız dili” dərsliyinə geniş tənqidi rəy yazıb və həmin rəyi “Azərbaycan müəllimi” qəzetində dərc etdirib.

1965-ci ildə M.F.Axundov adına APXDİ-nın aspiranturasında təhsilini davam etdirib və 1965-ci ilin dekabrında Leninqrad (hazırki Peterburq) Universitetinin məqsədli aspiranturasına göndərilib. B.İsmayılov bu universitetin Roman filologiyası kafedrasının aspirantı kimi 1968-ci ilin sentyabr ayına qədər təhsilini davam etdirib, orada həmin dövrün görkəmli romanist filoloqlarından dərs alıb və fransız dilində ismin determinasiya sisteminə həsr etdiyi namizədlik dissertasiyasını həmin kafedrada tamamlayıb, elə həmin universitetin Müdafiə Şurasında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

1968-ci ilin sentyabrında B.İsmayılov məqsədli aspiranturanın müddəti bitdikdən sonra M.F.Axundov adına APDXİ-nin Fransız dili fakültəsinin nəzdindəki Fransız dili kafedrasına müəllim təyin edilib.

Müəllimlik fəaliyyəti dövründə B.İsmayılov ən qabaqcıllar sırasında olub, dəfələrlə onun əməyi rəhbərlik və respublika təşkilatları tərəfindən yüksək qiymətləndirilib.

1970-ci ildə keçmiş Leninqrad şəhərində namizədlik dissertasiyasını uğurla müdafiə edən B.İsmayılov 1973-cü ildə dosent, 1991-ci ildə isə professor elmi adını alıb.

60-cı illərdə ilk məqalələrini çap etdirən B.İsmayılov fransız dili və onun tədrisi metodikasına aid 100-dən çox elmi işin müəllifidir. Onun orta məktəblər üçün müxtəlif proqramlar əsasında dərc etdirdiyi 6-cı, 7-ci, 8-ci və 9-cu sinif üçün doqquz adda dərslikləri uzun müddətdən bəri məktəblərdə tədris olunur. Onun tərtib etdiyi on adda ali məktəb proqramlarından Azərbaycan Respublikasının müxtəlif ali məktəblərində istifadə edilir.

Professor B.İsmayılovun yazdığı “Fransız dilinin fonetikasına giriş”, “Phonétique française”, “Grammaire française. Syntaxe I” adlı əsərləri ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur.

Tələbələr və tədqiqatçılar B.İsmayılovun “Fransız dilinin kommunikativ sintaksisi”, “Fransız dilinin aktual sintaksisi və onun tədrisi problemləri” kimi kitabları ilə bərabər onun müəllifi və redaktoru olduğu lüğətlərindən də lazımınca faydalanırlar. O, fransız dilinin leksikası, qrammatikası, fonetikası və tədris metodikası problemləri ilə yanaşı, leksikoqrafiya ilə də ciddi məşğul olub. Professorun iştirakı və redaktəsi ilə buraxılan “Müasir Fransızca-Azərbaycanca lüğət” və “Fransızca-Azərbaycanca ikidilli əsas işlək sözlər lüğəti” elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Bundan başqa, B.İsmayılovun redaktəsi ilə nəşr edilən “Qısa terminoloji lüğət” (müəllifləri M.Abdullayeva və A.Vəkilova) və “Fransızca-Azərbaycanca və Azərbaycanca-Fransızca lüğət”lər də (müəllifləri Ç.Babaxanova və M.Abdullayeva) işıq üzü görüb və tələbələrin istifadəsinə verilib.

Professor Avropa Şurası yanında “Dil siyasəti” qurumunun “Müasir dillər” üzrə bölümünün Azərbaycanda təmsilçisidir. Bu xətlə İspaniyada, Lüksemburqda, Avstriyada elmi konfranslarda iştirak edib. O, həm də respublikamızda “Portfolio” dil proqramının hazırlanmasında yaxından iştirak edib və bu proqramın yazılmasında iştirak etməklə bərabər çapına və fransız dilində redaktəsinə də rəhbərlik edib.

B.İsmayılov ölkəmizdə fransız dilinin ayrı-ayrı aspektlərinə dair yazılmış elmi və elmi-metodik işlərin redaktə olunması işində də yaxından iştirak edir. O, ilk dəfə olaraq fransız dilində “Aşıq Ələsgər” kitabını fransızca redaktə edib və onu Avropada tanıtmağa cəhd edib. B.İsmayılov, eyni zamanda fransızcadan Azərbaycan dilinə tərcümə edilən əsərlərin elmi redaktəsi işi ilə də məşğul olub.

B.İsmayılovun elmi fəaliyyətinin əsas hissəsi fransız dilinin nəzəri sintaksisi ilə bağlıdır. Onun yazdığı və müvəffəqiyyətlə müdafiə etdiyi “Kommunikativ sintaksis problemləri (fransız dilinin sadə nəqli cümləsi materialı əsasında, Azərbaycan dili ilə müqayisədə)” adlı doktorluq dissertasiyası dilçilik elminin ən yeni və maraqlı sahələrindən biri olan kommunikativ sintaksislə bağlıdır.

B.İsmayılov Azərbaycanda roman dilçiliyi üzrə doktorluq dissertasiyası müdafiə edən ilk mütəxəssisdir.

B.İsmayılov universitetin bütün işlərində yaxından iştirak edir. O, həm fakültə, həm də universitetin Elmi Şuralarının üzvü, fakültədə TEC-in fəal təşkilatçılarından biridir. Uzun müddət B.İsmayılov universitetdə fəaliyyət göstərən “Müasir dilçiliyin problemləri” elmi seminarına, sonralar isə 2003-cü ilədək universitetin Müdafiə Şurası nəzdindəki elmi seminara rəhbərlik edib, hal-hazırda isə Elmi Şuranın üzvüdür. B. İsmayılov ölkəmizdə dərc edilən bir sıra elmi jurnalların, o cümlədən, “Dil və ədəbiyyat” (BDU), “Azərbaycanda Xarici Dillər”, “Elmi xəbərlər” (ADU), “Dil və ədəbiyyat” (ADU), “Le français en Azerbaïdjan” (“Azərbaycan fransız dili”) kimi jurnalların redaksiya heyətlərinin üzvüdür.

B.İsmayılov ADU-nun Həmkarlar təşkilatına 1992-ci ildən 2001-ci ilədək rəhbərlik edib.

Hazırda ADU-nun Fransız dili kafedrasının professorudur.